Kabinetimdə oturmuşdum. İcarə pulunu ödəmək vaxtı çatmışdı. Buna görə də Makkelvi məni köçürməyə çalışırdı. İçəridə nəfəskəsən isti vardı. Kondisioner işləmirdi. Hardansa gəlib stolun üzərinə qonmuş milçək iməkləyə-iməkləyə gəzirdi. Əlimi yelləyib milçəyi ovcumla əzdim. Xatirə qoyub getdiyi cəsəd izlərini balağıma sürtüb təmizlədim. Elə bu anda telefon zırıldadı. Dəstəyi qaldırdım.
- Eşidirəm. - Lui-Ferdinand Selinin əsərlərini oxumusunuz? – qadın soruşdu. Çılğın səsi vardı. Neçə illər idi, qadınlarla münasibətdə deyildim. - Hmm-m, - dedim, - Selin... - Mən Selini axtarıram, - qadın dedi. – O, mənə lazımdır.
Səsinin çılğınlığı ona olan marağımı artırdı. - Selin? – mən soruşdum. – Onun haqqında nəsə bir məlumat verin. Xanım, susmayın, danışın görüm... - Şalvarınızın miyançasını bağlayın. Şalvarıma baxdım. - Hardan bildiniz qabağı açıqdır? – soruşdum. - İzahata ehtiyac duymuram. Mənə Selin lazımdır. - O, ölüb axı... - Xeyr, ölməyib. Onu tapın. Mənə lazımdır. - Əgər yalnız meyidinə məxsus sümükləri tapsam, onda necə? - Ay səfeh, gicləmə, Selin yaşayır. - Harda yaşayır? - Hollivudda. Qulağıma çatan məlumatlara görə, Red Koldovskiyə məxsus kitab mağazasının həndəvərində dolaşır. - Elə isə, özünüz niyə tapmırsınız? - Həmin adamın Selin olmasına əmin deyiləm. Heç olmasa, bunu bilmək lazımdır. - Şəhərdə yüzlərlə dedektiv ola-ola, mənə niyə müraciət edirsiniz ki? - Con Barton məsləhət gördü. - Hə, Barton, deyirəm axı. Qulaq asın. Pulu qabaqcadan ödəməlisiniz. Sizinlə şəxsən görüşməliyəm. - Bir neçə dəqiqədən sonra sizdə olacam, - o, dedi. Dəstəyi asdı. Şalvarımın qabağını bağlayıb, onu gözlədim.